Bakıdakı gizli görüşlər Əliyevin qızlarına məxsus oteldə keçirilib

İyulun 12-si və 14-ü aralığında Bakıda almaniyalı siyasətçilərlə yüksək rütbəli rusiyalı rəsmi şəxslər arasında gizli görüş beşulduzlu “Four Seasons” otelində baş tutub. Almaniyanın “Die Zeit” qəzeti Rusiya-Ukrayna müharibəsilə bağlı görüş haqqında məlumatı yaysa da, otelin kimə məxsus olduğuna toxunmayıb. 

Məqalənin fokusu görüşdə iştirak edən şəxslərin kimliyi və görüşün məqsədləri ilə bağlı idi. Bakıdakı gizli görüş iştirakçıları keçmiş Kansler Angela Merkelin administrasiyasının rəhbəri Ronald Pofalla və almaniyalı siyasətçi Mathias Platzeg olub. Görüşə Rusiya tərəfindən qatılanlar isə keçmiş baş nazir Viktor Zubkov və Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Valeri Fadeyev olub.

Amma iyulun 21-də Almaniyanın Kansleri Fridrix Merz Berlində İlham Əliyevlə birgə çıxış etdiyi mətbuat konfransında görüşün təşkilindən xəbəri olmadığını bildirdi. Bu açıqlama cavabın Azərbaycanın prezidentində olduğunun anonsu idi. 

İlham Əliyev isə Dövlət Sərhəd Xidmətindən aldığı uçuş məlumatına əsasən, Ronald Pofalla, Mathias Platzeg, Viktor Zubkov və Valeri Fadeyevin Azərbaycana gəldiyini dedi. Amma belə bir görüşün olub-olmadığını nə təsdiq, nə də inkar etdi. 

“Bizim ərazimiz bizdən xəbərsiz istifadə edilmişdir… Amma uçuş statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir”, – deyə Əliyev vurğulayıb.

Məhz bu açıqlama “Die Zeit” qəzetinin dərc etdiyi məlumatın rəngini bir az da tündləşdirdi. Görüşün keçirildiyi məkan Almaniya oxucusunda təəssürat yaratmasa da, azərbaycanlılara çox tanışdır. 

Four Seasons” hoteli “Paşa Holding” MMC-yə daxil olan “Abşeron Hotel Qrup” MMC-nin idarəetməsi altında fəaliyyət göstərir. “Paşa Holding” isə prezident İlham Əliyevin ailə üzvlərinə məxsusdur

Üstəlik, bu, həmin oteldə keçirilən ilk görüş də olmayıb. Almaniyalı siyasətçilərlə Rusiya hakimiyyət nümayəndələrinin Bakıda təmasları 2024-cü ildən etibarən başlayıb. İki ölkəni təmsil edən şəxslər 21- 22 aprel tarixlərində də “Four Seasons Bakı” otelində bir araya gəliblər.

Almaniyanın ictimai televiyizası “ARD” və “Die Zeit” qəzetinin jurnalistlərinin sorğusunu cavablayan Putinin xarici ölkələrlə mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ötən il aprel görüşü haqqında məlumatı təsdiq edib. Şvıdkoy özü də həmin görüşün iştirakçısı olub. O, bildirib ki, Rusiya və Almaniya ekspertləri həmin görüşdə Rusiyanın hazırkı və gələcək mümkün əlaqələri barədə danışıblar.

Araşdırma müəllifləri yazırdılar ki, 2024-cü ilin aprel görüşü Rusiya prezidenti Vladimir Putin və Almaniyanın keçmiş Kansleri Gerhard Şröder tərəfindən 2001-ci ildə təsis edilən “Peterburq Dialoqu” çərçivəsində baş tutub. 

Görünən odur ki, Rusiya və Almaniya vətəndaş cəmiyyətləri arasında dialoqun yaranması üçün təsis edilən bu layihə 2022-ci ildə Ukrayna müharibəsindən sonra tam olaraq dayandırılsa da, təmaslar davam etdirilib.

2024-cü il oktyabrın 16-da jurnalistlər bir həftə sonra baş tutacaq görüşün planını dərc etmişdilər. Oktyabrın 20-ə planlaşdırılan görüş zamanı Rusiya və Almaniyadan olan nüfuzlu şəxslər Bakıda “Four Seasons” otelində axşam yeməyi üçün bir araya gəlib, növbəti gün isə Almaniya-Rusiya əməkdaşlığı haqqında danışıqlar aparmalı imişlər. 

ARD-nin siyasi jurnalı olan “Kontraste” və “Die Zeit” qəzeti bunu oktyabr ayının əvvəlində yayımlanan və üzərində “Peterburq Dialoqu”nun rəsmi loqosu olan proqrama əsaslanaraq yaymışdı.

Azərbaycanda keçirilən daha bir məxfi görüş isə 2025-ci ilin 13-14 aprel tarixlərində baş tutub. Bu görüşün məkanı da “Four Seasons” oteli olub. “Kontraste”nin yazdığına görə, həmin görüşdə Almaniyanı Sosial-Demokrat Partiyasından deputat, xarici siyasət üzrə eksperti Ralf Şteqner, Kanslerin idarəsinin keçmiş rəhbəri Ronald Pofalla, Şimali Reyn-Vestfaliya torpağı hökumətindən federal və Avropa işləri üzrə keçmiş nazir, xristian demokrat Ştefan Holtqoff-Pfertner, həmçinin “Peterburq Dialoqu”nun keçmiş icraçı direktoru Martin Hoffmann təmsil edib.

Rusiya tərəfindən görüşdə Viktor Zubkov – Rusiyanın keçmiş baş naziri, “Qazprom”un Müşahidə Şurasının sədri və Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeriy Fadeyev iştirak edib.

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktor müavini Arif Yunus Qəzetçi-yə deyib ki, total nəzarətin hökm sürdüyü Azərbaycanda prezidentin bu görüşdən xəbəri olmadığını deməsi inandırıcı görünmür.

“Görüşlərdə Merkel və Putinə yaxın şəxslərin iştirak etməsi onu göstərir ki, prosesdən İlham Əliyevin xəbəri var. Çox güman ki, görüşlərin Bakıda keçirilməsi Putinin tövsiyəsi ilə həyata keçirilib”, – deyə Arif Yunus vurğulayıb.

Sabiq diplomat, siyasi şərhçi Nihad Cəfərov da Arif Yunusla eyni fikirdədir. O, Qəzetçi-yə deyib ki, Bakıda mərkəzi hakimiyyəti öz əlində cəmləşdirən İlham Əliyevin nəzarətindən kənar hər hansı bir görüşün keçirilməsi mümkün deyil.

Görüş Azərbaycanda keçirildiyindən tənqidlərin ağırlığı əsasən İlham Əliyevin üzərinə düşüb, amma Merz də öz ölkəsində tənqidlərin hədəfi olub. 

Almaniya parlamentinin deputatı Kiesevetter Roberix Azadlıq Radiosunun Azərbaycan bürosuna deyib ki, Almaniya hökumətinin görüşdən xəbəri olub, lakin qarşısını almayıb. 

Almaniyalı deputat həmçinin qeyd edib ki, Rusiya Almaniyanın Ukraynaya dəstəyi ilə bağlı siyasətinə təsir göstərməyə çalışır. Onun fikrincə, Rusiya hərbi sahədə irəliləyiş əldə edə bilmədiyi üçün bu addımları atır.

“Bu məqsədlə Avropanın Ukraynaya dəstəyini zəiflətmək istəyir və burada Almaniya əsas rol oynayan ölkələrdən biridir. Məqsəd Rusiyaya qarşı sanksiyaların yumşaldılması və əvəzində Ukraynanın saxta danışıqlara başlamaq üçün təzyiqin artırılmasıdır”, – deyə deputat vurğulayıb.

İlham Əliyev Berlindəki mətbuat konfransında “Əgər bu görüş Ukrayna-Rusiya müharibəsini sonlandıracaqsa, əlbəttə ki, biz bunu alqışlayırıq” demişdi. 

Ukraynanın xarici işlər naziri Georgi Tıxıy Bakıda almaniyalı siyasətçilərlə Rusiya rəsmiləri arasında keçirilən qeyri-rəsmi görüşün müharibənin başa çatdırılması prosesinə təsir göstərməyəcəyini bəyan edib.

Avropa Birliyi Ukraynaya qarşı müharibənin səbəbkarı kimi Putini görür və onu danışıqlar masasına çəkməyə çalışır. Tənqidçilər bu cür gizli görüşləri zəiflik göstəricisi və danışıqlara arxa qapı açmaq cəhdi kimi qiymətləndirilir.

Müəllif: Əfqan Muxtarlı