DSX-nın 5 aylıq əsgəri hərbi xidmət zamanı gülləylə qətlə yetirilib

Dövlət Sərhəd Xidmətinin Yardımlıda yerləşən “N” saylı hərbi hissəsində qətl törədilib. Dekabrın 4-də Şamaxı rayonunun Quşçu kənd sakini Gülalıyev Əlikərim Qismət oğlu başının sağ yan nahiyəsindən güllə ilə vurulub.
Ailəsinə hadisənin təfərrüatı haqqında məlumat verilməyib. Yaxınlarının bildirdiyinə görə, faktla bağlı Lənkəran Hərbi Prokurorluğunda araşdırma aparılır.

Gülalıyevlər 18 yaşlı Əlikərimi bu il iyulun 2-də hərbi xidmətə yola salıblar. Üzərindən 5 ay keçəndən sonra ailə yeganə oğul övladının ölüm xəbərini alıb. Mərhumun atası Qismət Gülalıyev Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə müraciətində, oğlunun işgəncə ilə öldürüldüyünü bildirib.

O yazıb ki, Hərbi Prokurorluq və ekspertin nəzarəti altında cəsədə baxış keçirilərkən məlum olub ki, oğlu güllələnib. Amma nəşi yuylanda ata oğlunun bədənində ağır yara, qızartı və göyərti izlərinin olduğunu da görüb. Hətta, Əlikərimin əl barmaqlarının ucları da qaralıbmış. Kənd sakinlərinin dediyinə görə, Əlikərim ölümündən əvvəl təkidlə atasını yanına çağırırmış.

“Oğlum hər həftə zəng edib pul istəyirdi, mən də ona 30-50 manat pul atırdım, atdığım pulların qəbzlərini də sübut kimi saxlamışam. Yanına görüşə getməyimi istəyirdi, maddi imkan baxımından gedə bilmirdim“, – deyə ata müraciətində yazıb.

Lənkəran Hərbi Prokurorluğu və Dövlət Sərhəd Xidməti hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Kənd sakinləri və mərhumun qohumları isə bildiriblər ki, yerli icra hakimiyyəti orqanları mətbuata açıqlama verməsinlər deyə Gülalıyevlər ailəsinə təzyiq göstərirlər.