İyulun 23-də Binəqədi Rayon Məhkəməsi “Azel TV” yutub kanalının rəhbəri Əfqan Sadıqov barəsində həbs qətimkan tədbirini 3 ay uzadıb. Bu haqda Qəzetçi-yə Sadıqovun hüquqlarını müdafiə edən vəkili Nemət Kərimli məlumat verib.
“Həbs qətimkan tədbirinin oktyabrın 30-na qədər uzadılması barədə qərar çıxarıldı. Müstəntiq çıxışı zamanı Əfqan Sadıqov barədə Baş Prokurorluğa yeni şikayətlərin daxil olduğunu bildirdi”, – deyə vəkil bildirib.
Əfqan Sadıqov saxlanılanda Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
İyunun 30-da Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Maykl O’Flaherti Əfqan Sadıqovla bağlı Baş Prokuror Kamran Əliyevə sorğu ünvanlayıb. İyulun 7-də sorğunu cavablandıran Kamran Əliyev Əfqan Sadıqova qarşı həm də 182.2.2 (təkrar törədildikdə) maddəsinin irəli sürüldüyünü yazıb. Beləliklə, Sadıqova qarşı yeni ittiham ən azı iki həftə əvvəl sürülüb.
Baş Prokuror eyni məktubda Əfqan Sadıqov barəsində istintaq orqanlarına yeni şikayətlərin daxil olduğu bildirib.
Vəkili Nemət Kərimli Qəzetçi-yə deyib ki, Sadıqovla bağlı yeni şikayətlər ona təqdim olunmayıb və həmin iddialarla istintaq hərəkətləri zamanı tanış ola biləcək.
Sadıqov 2026-cı il aprelin 5-də Gürcüstandan Azərbaycana deportasiya olunub. İyunun 8-də isə onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə iyulun 30-dək həbs qətimkan tədbiri seçilib.
Almaniyada fəaliyyət göstərən Mətbuat və Media Azadlığı üzrə Avropa Mərkəzi (ECPMF) Əfqan Sadıqovun Gürcüstandan Azərbaycana deportasiyasını transmilli repressiyanın ən güclü nümunələrindən biri kimi qiymətləndirib.
