Ermənistanlı güləşçilər Bakıda gənclər çempionatında mübarizə aparacaqlar

Ermənistanlı güləşçilər 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsindən bəri ilk dəfə Bakıda keçiriləcək 17 yaşadək güləşçilər arasında Dünya Çempionatında iştirak edəcəklər. Bu addım iki ölkə arasında sülh müqaviləsinin bağlanması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirlir.

Ermənistan Güləş Federasiyasının məlumatına görə, 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək tədbirdə təxminən 20 idmançı iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasının sözçüsü Sərxan Musayev OC Media-ya bildirib ki, Ermənistan milli komandası çempionatda iştirak etməmək qərarını son anda ləğv edib.

“Əvvəlcə Ermənistan komandası iştirak etməyi planlaşdırmırdı. Bu, Ermənistan mətbuatında da geniş şəkildə işıqlandırılırdı. Amma onlar fikirlərini dəyişdilər və biz onların tam təhlükəsizliyini təmin edəcəyik”, – deyə Musayev bildirib. 

Ermənistan komandasının əvvəlcə niyə iştirak etməməyi seçdiyi və ya qərarın niyə ləğv edildiyi barədə heç bir izahat verilməyib.

2023-cü ildə Dünya Atıcılıq Çempionatı zamanı Ermənistan komandası Bakıda keçirilən yarışda iştirak etmək üçün qeydiyyatdan keçib, lakin sonradan təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən yarışa gəlməkdən imtina edib.

Əvvəllər Ermənistan idmançıları 2007-ci ildə Bakıda keçirilən böyüklər arasında dünya çempionatında və 2015-ci il Avropa Oyunları zamanı yarışlarda iştirak ediblər.

Musayev həmin turnirlərə də toxunaraq deyib ki, həmin tədbirlərdə təhlükəsizlik baxımından hər hansı insidentlə qarşılaşmayıblar.

Münaqişə başlanandan erməni soyadlı şəxslərin Azərbaycana girişinə icazə verilməyib. Bu, rəsmi Bakının inkar etdiyi və tətbiq etdiyi bir təcrübə olub. 2014-cü ildə türk idmançısı Zəfər Noyana soyadına görə Azərbaycana giriş icazəsi verilməyib.

ABŞ Dövlət Departamentinin Ermənistan üçün səyahət tövsiyəsində hələ də deyilir ki, “hüquq-mühafizə orqanlarının əməkdaşları bəzən Ermənistandan olan və ya erməni soyadlı şəxsləri sorğu-sual üçün saxlayıblar və ya ölkəyə girişinə icazə verməyiblər”.

Buna baxmayaraq, Musayev ermənistanlı idmançıların sərhəddə heç bir problemlə qarşılaşmayacaqlarını bildirib. 

“Erməni idmançılarına gəldikdə isə, onların ölkəyə girişi və ya çıxışı ilə bağlı heç bir problemin olmamasını təmin etmək üçün bütün lazımi tədbirlər görülür”, –  deyə Musayev əlavə edib.

O,  qeyd edib ki, bütün dövlət qurumları və təhlükəsizlik xidmətləri bu dünya çempionatı barədə məlumatlandırılıb. Erməni idmançıları Azərbaycanda keçirilən yarışların iştirakçıları üçün nəzərdə tutulmuş Bakı Atletlər Kəndində yerləşdiriləcəklər.

İdmançılar arasında insidentlərin baş vermə ehtimalına toxunan Musayev federasiyanın bu mövzuda Azərbaycan güləşçiləri ilə müntəzəm olaraq müzakirələr apardığını vurğuladı.

“Biz yerli idmançılarımızdan – həm ümumilikdə, həm də yarışlardan dərhal əvvəl – erməni, başqa ölkədən və ya fərqli millətdən olan istənilən rəqibə qarşı aqressiv davranışdan çəkinmələrini və qələbəni qeyd dərkən siyasi mesajlar verməməyi tələb edirik.”

Musayev həmçinin yarışda erməni əsilli rusiyalı idmançıların iştirak edəcəyini də bildirdi. Amma erməni əsilli ABŞ güləşçisi Qalust Torosyan təhlükəsizlik məsələlərini əsas gətirərək Bakıda keçiriləcək bu yarışda iştirakdan imtina edib.

Qeyd: Məqalənin əsli OC Media-da dərc olunub.