İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Qlobal Media Forumunun açılış mərasimində tanınmış jurnalist Dmitri Qordonun sualını cavablandıran Prezident İlham Əliyev Ukraynaya işğalla barışmamağı tövsiyə edib.
“Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Mən Ukrayna xalqına işğalla barışmamağı məsləhət görərdim. Necə ki, biz işğalla barışmamışdıq”, – deyə Əliyev bildirib.
Əliyevin dediklərinə Rusiya tərəfin münasibəti özünü çox da gecikirmədi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan Prezidentinin mövqeyinin yanlış olduğunu deyib.
“Biz burada praqmatik yanaşmaya üstünlük veririk. Münasibətlərimizi hərtərəfli inkişaf etdirməliyik, xüsusilə də Azərbaycan kimi ölkə ilə”, – deyə Peskov vurğulayıb.
Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi 25 dekabr 2024-cü ildə Qroznı üzərində vurulduqdan sonra Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginlik azalsa da, zaman-zaman Azərbaycandan fraqmental reaksiyalar gözə çarpır.
Azərbaycan hökuməti Fransaya qarşı müstəmləkəçilyin tənqidi təcrübəsini dolayısıyla Rusiyaya tətbiq etməyə başlayıb. İyulun 6-da Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda Rusiyanın müstəmləkə siyasəti, azsaylı xalqların zorla Ukrayna müharibəsinə cəlb edilməsi və milli ayrı-seçkilik məsələləri müzakirə olunub.
Rəsmi Kremlə qarşı kəskin ittihamlar səsləndirilən konfransda Rusiyada yaşayan azsaylı xalqların diaspora nümayəndələri Rusiyanın müstəmləkə dövləti olduğunu vurğulayıblar.
Maraqlıdır ki, konfransın təşkilatçısı olan Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin sədri 2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi basqın zamanı qətlə yetirilən Səfərovların əmisi oğlu Seyfəddin Hüseynlidir.
Azərbaycan uzun illər ərzində Rusiyanın müstəmləkəsi olmasına baxmayaraq, ata və oğul Əliyevlər heç bir zaman Rusiyanı tənqid etməyiblər. Ekspertlər bildiriblər ki, Azərbaycan Rusiyanın Avropa ölkələrinə qarşı istifadə etdiyi metodlardan ilk dəfə yararlanıb.
Siyasi şərhçi Rauf Mirqədirov Qəzetçi-yə deyib ki, Şuşada “anti-Rusiya konfransı” və qəbul edilən bəyanamə Rusiyanın qonşularına və Avropanın bir sıra dövlətlərinə qarşı istifadə etdiyi etnik, dini silahdan özünə qarşı istifadə etmək cəhdidir.
“Şuşa konfransı Moskva-Bakı münasibətlərində dönmə nöqtəsini keçməkdir. Düzdür, konfrans dövlət səviyyəsində keçirilməyib. Lakin Moskvadakılar da başa düşürlər ki, Azərbaycanda belə bir konfransın hökumətin razılığı olmadan, xüsusən Şuşada keçirilməsi mümkün deyil”, – deyə Mirqədirov vurğulayıb.
Ukrayna ilə müharibədə Rusiyanın iqtisadi imkanları zəiflədilib, Qərbin Cənubi Qafqazda layihələrinin genişləndirilir.
Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənli hesab edir ki, belə bir məqamda Azərbaycan hakimiyyəti dünyaya Rusiya ilə birlikdə olmadığını nümayiş etdirmək istəyir.
Kreml əleyhinə tədbirləri və çağırışları təbliğat şousu adlandıran siyasətçinin sözlərinə görə, Rusiyaya qarşı mövqelər daha da sərtləşdiyindən ABŞ Prezidnti Donald Tramp Azərbaycan hakimiyyəti üçün meyara çevrilib.
“Göstərirlər ki, Tramp Rusiyaya qarşıdırsa, Azərbaycan hakimiyyəti də Rusiya ilə bir olmadığını nümayiş etdirsin. Bundan başqa, Azərbaycana məxsus tankerlərin, dövlət müəssisələrinin sanksiyalar siyahəsına düşməsi, azərbaycanlıların idarə etdiyi gəmilərin Qara dənizdə vurulmasınin da əhəmiyyətli rolu var”, – deyə Cəmil Həsənli vurğulayıb.
Qeyd edək ki, iyulun 6-da Şuşada konfrans başlamazdan bir neçə saat öncə Rusiya Silahlı Qüvvələri Ukraynanın Mikolayiv vilayətində olan SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirmişdi.
Eyni gündə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və nota təqdim edilib.
Əfqan Muxtarlı
