Gimnastlara zorakılıq edən keçmiş treynerə Atletika Federasiyasında vəzifə verildi

Ötən il gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunan Mariana Vasileva yeni vəzifəyə təyin olunub. “gununsesi.info” yazır ki, Vasileva Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun əmri ilə federasiyaya icraçı direktor təyin olunub.

Mariana Vasileva 2021-ci ildə nazir müavini təyin olanana qədər Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnasika Federasiyasında baş məşqçi idi.

2024-cü ilin dekabrında Beynəlxalq Gimnasika Federasiyasının yaydığı məlumatdan sonra Vasilevanın azərbaycanlı gimnastlara qarşı zorakılıq etdiyi ortaya çıxdı.

Gimnastika Etikası Fondu 2020-ci ildə daxil olan şikayətləri araşdırarkən keçmiş baş məşqçi Mariana Vasilyevanın çəki artımına görə atletləri döydüyü, onları təhqir etdiyi, özlərini yaxşı hiss etməyən gimnastların məşqə məcbur etdiyi qənaətinə gəlmişdi.

Mariana Vasilyevanın atletlərin pul və ya mükafatlarını mənimsədiyi də bildirilirdi. Araşdırmanın nəticələri dərc olunanda Vasileva artıq baş məşqçi deyildi. O, üç il idi Azərbaycanın gənclər və idman nazirinin müavini vəzifəsində çalışırdı. Bu hesabatdan bir neçə həftə sonra o nazirlikdəki postundan da uzaqlaşdırıldı.

Mariana Vasilevanı yol verdiyi pozuntulara görə, Azərbaycan Gimnasika Federasiyasına 6 ay beynəlxlaq tədbirlərdə iştirak qadağası qoyuldu. Vasilyeva özü isə 8 il müddətinə Beynəlxalq Gimnastika Federasiyasının fəaliyyətində və beynəlxalq tədbirlərdə iştirakdan məhrum edildi.

O, həyatının sonuna qədər Beynəlxalq Gimnastika Fonduna bağlı olan hər hansı federasiyanın baş məşqçisi ola bilməyəcək. Cəza tədbirlərində 2019-cu ildə Beynəlxalq Gimnastika Fondunun Mariana Vasilevaya verdiyi “Fəxri Məşqçi” diplomu da ondan geri alınacağı qeyd olunurdu.

Vasileva Gimnastika Federasiyasında məşqçi olduğu müddətdə zorakılıq törətsə də, Mehriban Əliyeva tərəfindən himayə olunub. Gimnastika Etikası Fondunun qərarında qeyd olunurdu ki, gimnastlara qarşı fiziki və psixoloji zorakılıq halları ilə bağlı Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə edilən müraciətlər cavabsız qalıbmış.