Xəzər Dəniz Gəmiçiliyi SOCAR-ın 70 milyon manata yaxın “ümidsiz borc”unu silib

Foto Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ASC-nin "facebook" səhifəsindən götürülüb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2025-ci ili böyük ziyanla başa vurub. 2024-cü ili 14,5 milyon manat xalis mənfəətlə qapadan gəmiçilik nəhəngi, 2025-ci ildə 17,5 milyon manat xalis zərərə düşüb.

ASCO-nun idarəçiliyi  2024-ci il noyabrın 7-dən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) verilib. Müəssisənin ötən ilə dair maliyyə hesabatından görünür ki, dövlət şirkəti gəlirlərini əvvəlki illə müqayisədə təxminən 7 faiz artıraraq 476 milyon manata yüksəldə bilib. Ümumi mənfəət də kəskin artaraq 81,7 milyon manatdan 120,5 milyon manata yüksəlib.

Lakin gəlirlərin artması ilə yanaşı, xərclər bölməsində diqqət çəkən əməliyyatlar baş verib. Hesabatdan görünür ki, gəmilərin, əmlak, tikili və avadanlıqların dəyərsizləşməsində sıçrayışlı zərər qeydə alınıb. Belə ki, bu istiqamətdə 1,5 milyon manatlıq zərər birdən-birə 14,7 milyon manata qədər yüksəlib.

Bundan əlavə, sənəddə dövlətin iri logistika şirkətinin gözlənilən kredit zərəri (GKZ) 5,8 milyon manat göstərilir. Lakin hesabatın xüsusi qeydindən aydın olur ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin borcu ilə bağlı hesablanmalı olan 68,1 milyon manatlıq GKZ ehtiyatı bura daxil edilməyib.

Əvəzində həmin borc mənfəət/zərər hesabatından kənarda saxlanılaraq, birbaşa bölüşdürülməmiş mənfəət hesabından silinib. Bununla yanaşı, “Azneft” İB-nin əvvəlki illərdən yığılıb qalan 6,5 milyon manatlıq digər bir borcu da 2025-ci il ərzində “ümudsiz borc” olaraq balansdan çıxarılıb.

İqtisadçılar hesab edirlər ki, əgər SOCAR-ın borcları və onlara dair riskləri dövlət şirkətinin mənfəət/zərər hesabatına daxil edilsəydi, o zaman ASCO-nun rəsmi xalis zərəri qat-qat daha çox görünə bilərdi.  

Bu borclardan kənarda isə, şirkətin əməliyyat xərcləri bölməsində ümumi əməliyyat zərəri 19,2 milyon manata çatıb. 

Şirkətin xalis zərərlə üzləşməsinin ən böyük səbəblərindən biri də maliyyə bazarlarındakı kəskin itkilərdir. ASCO 2024-cü ildə 33,2 milyon manat maliyyə gəliri əldə etdiyi halda, 2025-ci ildə bu rəqəm cəmi 8 milyon manata enib. Eyni zamanda, şirkətin maliyyə xərcləri 17,6 milyon manatdan 26,1 milyon manata qədər yüksəlib.

Şirkətin əsas ehtiyatı olan bölüşdürülməmiş mənfəəti cəmi bir il ərzində 451,8 milyon manatdan 329,6 milyon manatadək geriləyib. Bu, təxminən 122 milyon manatlıq və 27 faizə yaxın azalma deməkdir. Sənəddən aydın olur ki, ASCO-nun bölüşdürülməmiş mənfəəti təkcə 2025-ci ilin xalis zərərinə görə əriməyib. Əsas səbəblər “ümumi nəzarətdə olan müəssisələr” (dövlət şirkətləri) ilə bağlı balansdan silinən on milyonlarla manatlıq “ümidsiz borclar”ı və istiqrazlardır.

Belə ki, 2025-ci ildə ASCO-nun digər dövlət müəssisəsinə olan 54,4 milyon manatlıq debitor borcu üzrə GKZ-si birbaşa kapitaldan silinib. Həmçinin, dövlət müəssisələrinin istiqrazları üzrə yaranan gözlənilən kredit zərəri kimi daha 48,5 milyon manat da birbaşa kapital hesabından çıxılıb. Nəticədə, şirkətin cəmi kapitalı 1,43 milyard manatdan 1,16 milyard manata geriləyib.

Bundan əlavə, şirkətin ümumi öhdəlikləri 606,4 milyon manata çatıb. Bunun 396,5 million manatı uzunmüddətli, 52,7 milyon manatı isə qısamüddətli kredit və borclardır.

Pul vəsaitlərinin hərəkəti hesabatı göstərir ki, ASCO əməliyyat fəaliyyətindən 106,5 milyon manat xalis nağd pul əldə edib. Bu da 2024-cü illə müqayisədə təxminən 2 dəfə çoxdur.

Şirkət əldə etdiyi nağd pulu investisiyaya yönəldib. Belə ki, ASCO 2025-ci ildə gəmilərin, tikililərin və avadanlıqların alınmasına 107,5 milyon manatlıq investisiya qoyub.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə investisiya xərcləri 578,5 milyon manat olub. Həmin il dövlət şirkəti digər dövlət müəssisələrinin istiqrazlarına 158 milyon manat yatırıb, habelə iştirak paylarının alınması üçün 68 milyon manat qabaqcadan ödəniş edib.