Hökumət su və kanalizasiya sisteminin yenidən qurulması üçün ərəb banklarından borc götürür

Qarabağ suvarma kanalının yenidən qurulması üçün İslam İnkişaf Bankı Azərbaycan hökumətinə 436,7 milyon dollar maliyyə ayıracaq. 168 km uzunluğunda olacaq bu kanal üçün nəzərdə tutulan vəsaitin bir hissəsi kredit, bir hissəsi isə qrant şəklində ödəniləcək.

Bununla bağlı iyunun 16-19-da Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik 51-ci Toplantısı çərçivəsində Azərbaycan hökuməti ilə Bank arasında kredit sazişi bağlanıb. 

Ümumilikdə, Azərbaycan hökuməti ərəb banklarından 4,7 milyard dollar kredit götürməyə hazırlaşır. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, əvvəlki forumlarda bağlanan sazişlərin həcmi 3,6 milyard dollar təşkil edib, bu il isə daha yüksək nəticələr hədəflənir.

Hökumətlə İslam İnkişaf Bankı Qrupu arasında aparılan danışıqlardan aydın olur ki, kreditlərin əhəmiyyətli hissəsi ölkənin su təsərrüfatı və kanalizasiya infrastrukturunun qurulması üçün alınacaq.

Bu istiqamətdə həyata keçirilən ikinci böyük layihə  “Sumqayıtda Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi”dir. OPEC İnkişaf Fondu ilə imzalanan sənədə əsasən, Azərbaycanın ikinci böyük şəhərində qurulacaq qurğu üçün Dövlət Su Ehtiyatları Agentliyinə 90 milyon dollar kredit ayrılacaq. Layihənin ümumi dəyəri isə 107 milyon dollar təşkil edir ki, bunun da qalan vəsaiti dövlət büdcəsi hesabına ödəniləcək.

Bundan başqa, “Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə” də Anlaşma Memorandumu imzalanıb. Hökumət bu layihə üzrə ayrılacaq maliyyənin detallarını ictimaiyyətə açıqlamayıb.

Dövlət qurumlarından əlavə, özəl sektorda da “Rabitəbank” ilə Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) arasında 10 milyon dollarlıq maliyyələşmə razılaşması, “TuranBank” ilə isə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzalanıb.

Prezident İlham Əliyev çıxışında bildirib ki, ölkənin xarici borcu ÜDM-in 6 faizini təşkil edir və borcun azalması hökumətin layihələri sürətləndirməsi üçün xaricdən əlavə vəsaitlər cəlb etməsinə imkan yaradır.  

“Fasilə yaranmışdı, lakin biz yenidən borc götürməyə başladıq və əlbəttə ki, bizim müraciət etdiyimiz birinci maliyyə institutu İslam İnkişaf Bankı idi. Toplantı zamanı yeni infrastruktur layihələrinə təkan vermək üçün bir çox müqavilələr imzalanacaq və onlar da, öz növbəsində, qeyri-neft sektorunun dəyərinin artmasına gətirib çıxaracaqdır”.

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir isə qeyd edib ki, indiyədək Azərbaycanın infrastruktur, enerji, kənd təsərrüfatı və sosial xidmətlər sahələri üzrə layihələrə təxminən 1,8 milyard ABŞ dolları həcmində maliyyələşdirmə təsdiqlənib. 

Onun sözlərinə görə, Qarabağın azad edilməsindən sonra İslam İnkişaf Bankı Qrupunun Azərbaycanla əməkdaşlığı genişlənib.

İslam İnkişaf Bankı Qrupunun sədri isə bildirib ki, Qarabağda kanalların bərpası və su itkisinin qarşısının alınması istiqamətində maliyyələşmə aparılır. O, əlavə edib ki, bank Azərbaycan üçün digər mühüm infrastruktur sahələrində də layihələri nəzərdən keçirir.

“Biz avtomobil yolları, nəqliyyat infrastrukturu və hətta dəmir yolları da daxil olmaqla digər sahələrə baxırıq. Hökumətin yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığı transformasiya xarakterli layihələri dəstəkləməyə hazırıq”, – Məhəmməd Süleyman Əl-Casir vurğulayıb.

İyunun 1-nə olan məlumata görə, Azərbaycanın xarici borcu 4,6 milyard dollar təşkil edir. Dövlət Neft Fondu və Mərkəzi Bankın ümumi valyuta ehtiyatları isə 85 milyard dollara çatıb. 

İqtisadçı ekspert Zöhrab İsmayıl Qəzetçi-yə deyib ki, Azərbaycanın neft gəlirləri azalıb. Üstəlik gələcəkdə neftin qiymətinin gözlənilmədən aşağı düşməsi riskinə görə hökumət  valyuta ehtiyatlarını istifadə etməməkdə maraqlıdır. 

“Neftdən gələn  gəlirlər havaya sovrulub. On milyardlarla vəsait səmərəsiz şəkildə sərf olunub və xərcləmələr zamanı korrupsiyaya yol verilib. İndi Azərbaycan hökumətinin böyük pullara ehtiyacı var amma mövcud gəlirlərdən istifadə də risk yaradır. Neftin qiymətinin istənilən vaxt aşağı düşməsi maliyyə böhran yarada bilər. Rezervlər və valyuta ehtiyatları milli valyutanın kursunun saxlanması üçün lazım ola bilər. Ona görə də, xarici keditlərə baş vururlar”, – deyə ekspert vurğulayıb.

Ekspert qeyd edib ki, Avropanın maliyyə institutları ilə müqayisədə ərəb ölkələrinin verdiyi kreditlərin şərtlərinin sadə olması Azərbaycan hökumətini bu bölgədən olan banklara üz tutmağa həvəsləndirir.