Rusiyanın “kölgə donanması”nda əhəmiyyətli yer alan Azərbaycan vətəndaşları tərəfindən yaradılan “2Rivers Group” və İran əsilli Şamxani ailəsinə məxsus “Wellbred Capital Pte Ltd” şirkətinə Tramp administrasiyası sanksiyalardan yayınmaq üçün güzəşt edib. Bu iddia ilə “Bloomberg” nəşri çıxış edib.
Araşdırmada Rusiya və İran neftini sanksiyalardan yayındıraraq qanunsuz yollarla satışını həyata keçirən “2Rivers Group” və “Wellbred Capital Pte Ltd” neft trader şirkətlərinin ABŞ-nin tanınmış lobbi şirkəti “Qorvis”lə əlaqələrindən bəhs edilir.
Belə ki, bu il martın əvvəlində İrandakı müharibə nəticəsində bir barel neftin qiyməti 100 dollardan yuxarı qaldırdığı vaxtda Vaşinqtonda yerləşən “Qorvis” adlı lobbiçilik şirkətinin rəhbərləri ABŞ-ın yüksək vəzifəli rəsmilərinə qeyri-adi təklif irəli sürüblər.
Məsələ ilə tanış olan şəxslərin sözlərinə görə, onlar Tramp administrasiyasının bazarı sabitləşdirmək üçün İrana və Rusiyaya qarşı bəzi sanksiyaları yumşaltmağı təklif ediblər.
Bir neçə gün sonra ABŞ-nin Maliyyə Nazirliyi dənizdə tankerlərdə qalmış İran və Rusiya neftinin satışına və tankerlərdən boşaldılmasına icazə verən qısamüddətli güzəştlər tətbiq edib.
“Qorvis” şirkətinin direktoru Samantha Sault “Bloomberg”in suallarına cavabında bildirib ki, 2026-cı ilin martında neft sanksiyaları siyasəti ilə bağlı ABŞ-nin yüksək vəzifəli rəsmiləri ilə əlaqə saxlayıb. Lakin görüş, Məhəmməd Hüseyn Şamxani və ya Eyyubun tələbi ilə baş verməyib: “Qorvis bazarın sabitliyini qorumaq mexanizmləri barədə administrasiya üzvlərindən mütəmadi olaraq müraciətlər alır”.
ABŞ-nin Maliyyə Nazirliyi “Bloomberg”in sorğusunu cavablandırmayıb.
Araşdırmada qeyd edilir ki, son bir il ərzində “Qorvis” lobbi şirkəti Sinqapurda yerləşən “Wellbred Capital Pte Ltd” və Dubayda yerləşən “2Rivers Group” şirkətlərini təmsil edib. Lobbi şirkətinin rəsmi nümayəndələri sanksiyalar siyahısına salınan bu iki şirkətlə işlədiyini gizlətməyib. Lakin “Qorvis”in sədri Samantha Sault hökumət orqanlarının bu şirkətlərə nəzarət etdiyini bildiklərini və sanksiyalı neft maqnatları ilə hər hansı işgüzar münasibətlərinin olduğunu inkar edib.
Samantha Sault “Bloomberg”in suallarına cavab olaraq bildirib ki, iranlı neft maqnatı Məhəmməd Hüseyn Şamxani və azərbaycanlı biznesmen Etibar Eyyubu müştəri kimi təmsil etmir: “Biz sanksiyaya məruz qalan şəxslərin pulunu qəbul etmirik”.
“2Rivers Group” “Bloomberg”ə bu ilin iyulunda göndərdiyi elektron məktubda Etibar Eyyubun şirkətlə əlaqələrini kəsdiyini bildirib.
“Cənab Etibar Eyyub 2022-ci ilin əvvəlindən etibarən 2Rivers ilə əlaqəli deyil və həmin tarixdən bəri də şirkətlə heç bir bağlılığı olmayıb”, – deyə şirkətdən bildirilib.
Şirkətin təkzibinə baxmayaraq, Avropa İttifaqı 2025-ci ilin dekabrında Eyyuba qarşı sanksiya tətbiq edərkən onun Coral Energy (sonradan 2Rivers Group) daxil olmaqla şirkətlər şəbəkəsini təsis etdiyi və idarə etdiyini yazıb. Aİ-nin məlumatına görə, bu şəbəkə Rusiyanın “kölgə donanması”ndakı gəmilərin “böyük bir hissəsinə nəzarət edir və onlardan istifadə edir.
“Bloomberg” “Qorvis” şirkəti ilə bağlı 12-dən çox şəxslə, o cümlədən hazırkı və keçmiş əməkdaşlarından müsahibə alıb. Həmin şəxslər piar şirkətilə bu iki sanksiyalı neft maqnatı arasında daha dərin əlaqələrin olduğunu bildiriblər.
Məsələ barədə birbaşa məlumatı olan bir neçə şəxsin sözlərinə görə, Samanta Saultun “əsasən kommunikasiya və strategiya şirkəti” kimi xarakterizə etdiyi “Qorvis” Şamxani və Eyyub üçün müxtəlif xidmətlər göstərib.
Bu xidmətlərə Ağ Evin siyasətinə təsir göstərmək, siyasətin istiqamətini əvvəlcədən müəyyənləşdirmək və ona cavab hazırlamaq, hüquq-mühafizə tədbirlərinə reaksiya vermək və həssas diplomatik danışıqlarla bağlı fəaliyyət daxil olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında “2Rivers”in maliyyə direktoru Əhməd Kərimov Vaşinqtonda Trump administrasiyası ilə görüş təşkil etməyə çalışıb. Bu barədə Ukraynanın unian.net nəşri və “Project Brazen” məlumat verib.
Xatırladaq ki, Etibar Eyyub Tahir Qarayevlə birgə “Coral Energy” və “2Rivers Group”un yaradıcıları hesab olunur. Hər iki şirkətin rəhbərliyində təmsil olunan Azərbaycan vətəndaşları Tahir Qarayev, Anar Mədətli, Etibar Eyyub, Əhməd Kərimov və Tələt Səfərov Avropa Birliyinin, Böyük Britaniyanın və digər qərb ölkələrinin sanksiyalarına daxil ediliblər.
