Sanksiyalara baxmayaraq Rusiyadan Azərbaycana pul köçürmələri 67,3 faiz artıb

Foto: Reuters

“Zolotaya Korona”nın Azərbaycanda fəaliyyətini dayandırması və Rusiyaya qarşı beynəlxalq sanksiyaların davam etməsi fonunda Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 67,3 faiz artıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin ilk yarısında Rusiyadan fiziki şəxslərin Azərbaycana pul köçürmələri 356,6 milyon dollara qədər yüksəlib. Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiqindən sonra ilk dəfə bu ölkədən Azərbaycana pul köçürmələrində artım qeydə alınıb. Azərbaycandan Rusiyaya pul köçürmələri isə 10 faiz azalaraq təxminən 20 milyon dollar təşkil edib.

Ümumilikdə, 2026-cı ilin ilk altı ayında xaricdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələri 40,2 faiz artaraq 748,5 milyon dollara çatıb. Eyni zamanda, Azərbaycandan xaricə göndərilən vəsaitlərin həcmi 12,7 faiz azalaraq 207,8 milyon dollara düşüb. 

İlk baxışda pul köçürmələri üzrə 540,6 milyon dollarlıq müsbət saldo yarandığı görünsə də, bu göstəricilər ölkədəki əmək miqrasiyası ilə bağlı müəyyən mənzərə yaradır. Məsələn, pul köçürmələrindəki 40 faizlik artımın əsas mənbələri arasında Rusiya, Türkiyə və İrlandiya yer alıb.

Rusiya müharibə aparan və miqrantlarla bağlı kifayət qədər sərt siyasət həyata keçirən ölkə olmasına baxmayaraq, azərbaycanlılar üçün hələ də əmək imkanlarının geniş olduğu əsas ölkələrdən biri olaraq qalır. Son altı ayda pul baratlarının artımının yarıdan çoxu bu ölkənin payına düşür.

İrlandiyadan Azərbaycana pul köçürmələri də qeyri-adi dərəcədə artıb. 2025-ci ilin ilk altı ayında bu ölkədən cəmi 5,8 milyon dollar daxil olduğu halda, 2026-cı ilin eyni dövründə bu göstərici  7,4 dəfə artaraq 42,9 milyon dollara yüksəlib.

Bu sıçrayışla bağlı dəqiq tədqiqat təqdim edilməsə də, son illərdə İrlandiyaya miqrant axınının artması amilini də istisna etmək olmaz. Reuters-in məlumatına görə, 2025–2026-cı illərdə İrlandiyada xarici transmilli texnologiya şirkətlərində çalışan əcnəbilərin sayı artıb. 

İrlandiyanın Müəssisələr, Ticarət və Məşğulluq Departamentinin illik statistikasında iş icazəsi alanlar arasında azərbaycanlıların da adına rast gəlmək mümkündür. Onların sayı çox olmasa da, bu iş icazələrinin əsasən İT və proqram təminatı sahələri ilə bağlı olduğu qeyd edilir.

Quru sərhədlərinin bağlı qalması isə Gürcüstanla pul baratlarının istiqamətinin dəyişməsinə səbəb olub. Belə ki, cari ilin ilk altı ayında Gürcüstandan Azərbaycana göndərilən vəsaitlərin həcmi 41 faiz artaraq 25,4 milyon dollar təşkil edib. Azərbaycandan Gürcüstana köçürülən vəsaitlərin həcmi isə 15,3 faiz azalaraq 11,7 milyon dollara düşüb.

Beş il əvvəl isə vəziyyət tamamilə fərqli idi: 2021-ci ilin ilk altı ayında Azərbaycandan Gürcüstana 37,2 milyon dollar göndərilmişdi. Belə görünür ki, beş il ərzində bu istiqamətdə təxminən 3,2 dəfə azalma baş verib. 

Gürcüstandan Azərbaycana isə pul köçürmələrinin həcmi 9,6 milyon dollardan 25,4 milyon dollara yüksəlib. Bu istiqamətdə artım təxminən 2,6 dəfə təşkil edib.

İlk baxışda Gürcüstan və Azərbaycan arasında pul köçürmələrində müsbət saldo yarandığı görünsə də, reallığı əmək miqrasiyası kontekstində qiymətləndirmək olar. Bəllidir ki, son illər azərbaycanlıların daha kiçik iqtisadiyyata malik qonşu ölkənin əmək bazarına axını sürətlənib.