Azərbaycan və Türkiyə XİN-i İsrailin erməni soyqırımını tanıması planına reaksiya verib

“Hesab edirik ki, erməni soyqırımı mövzusunun siyasi alətə çevrilməsi prosesinə qoşulmamaq Ermənistan Respublikasının maraqlarına uyğundur.”

Ermənistanın baş naziri Nikol Paşinyan İsrail Nazirlər Kabinetinin ötən həftə “erməni soyqırımı”nın tanınması ilə bağlı təsdiq etdiyi qanun layihəsinə münasibət bildirərəkən belə deyib.

Türkiyənin İsrailə cavabı özünü çox da gecikdirməyib. Xarici İşlər Nazirliyi xüsusi bəyanat yayaraq İsrail hökumətini fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham edib. 

“Bütün dünyanın gözü önündə fələstin xalqına  sistemli zülm tətbiq edən və Beynəlxalq Ədalət Məhkəməsində qəzzalılara qarşı soyqırım törətmək cinayətində ittiham olunan İsrail hökuməti, 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarla öz cinayətlərini ört-basır etməyi hədəfləyir”, – deyə bəyanatda vurğulanır.

Türkiyə XİN yayımlamış olduğu bəyanatda qeyd edilir ki, layihənin təstiqi “Beynəlxalq Cinayət Məhkəməsində fələstinlilərə qarşı törədilmiş cinayətlərlə bağlı aparılan istintaq çərçivəsində haqqında həbs orderi verilmiş Netanyahu və onun cinayət ortaqlarının düşdüyü çıxılmaz vəziyyəti göz önünə sərir”.

Azərbaycan Xarici İşlər Nazirliyi isə İsrail hökumətinə çağırış edərək qəbul etdiyi qərarı yenidən nəzərdən keçirməyə səsləyib.

“1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir. Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur”, – deyə Azərbaycan XİN-in açıqlamasında vurğulanır.

İyunun 28-də hökumətin yekdilliklə  səs verdiyi layihə parlamentdən də keçsə, İsrail rəsmi olaraq “erməni soyqırımı”nı tanımış olacaq.