Azərbaycanı tərk edib iş dalınca Almaniyaya gedən həkimlərin sayı artıb

Almaniyada işləyən azərbaycanlı həkimlərin sayı son yeddi ildə 3 dəfə artıb. Almaniya Həkimlər Palatasının məlumatına görə, 2017-ci ildə ölkənin tibb müəssisələrində 603 nəfər azərbaycanlı həkim fəaliyyət göstərirdisə, 2024-cü ildə onların sayı 1996 nəfərə çatıb. 

COVID-19 pandemiyasından sonra Azərbaycanda, xüsusilə də regionlarda həkim çatışmazlığına dair müzakirələr artmağa başladı. Hətta Hesablama Palatasının hazırladığı audit rəyində qeyd olunurdu ki, 2022-ci ildə ölkə boyu 74 epidemoloji mərkəzdə 144 həkim-epidemoloq ştatının yarısı boş olub. 



Qeyd edək ki, 2021-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qərarıyla TƏBİB-in tabeliyində olan tibb müəssisələrində kadr çatışmazlığının qarşısını almaq məqsədilə dövlət proqramı hazırlanıb. Proqrama görə, hər il Avropa İttifaqı, ABŞ və Türkiyədə təhsilini bitirmiş 60-ı cərrah və radioloq, 40-ı isə terapevt və pediatr olmaqla 100 həkim Azərbaycanda işlə təmin olunacaqdı.  

Proqrama uyğun olaraq, xarici ölkələrdə təhsil almış həkimləri ölkəyə qayıtmağa həvəsləndirmək üçün onların maaşlarına həvəsləndirici əlavələr edildi. Cərrah və radioloqlar üçün 6500 manatdan, terapevt və pediatrlar üçün 5000 manatdan az olmamaq şərtilə əlavə artımlar müəyyən edildi.  

Amma statistika göstərir ki, təkcə Almaniyada hər il işə başlayan azərbaycanlı həkimlərin sayı 200-300 nəfər artıb. Bu, Azərbaycan hökumətinin geri gətirməyi hədəflədiyi həkim sayı ilə müqayisədə bir neçə dəfə çoxdur. 

2024-cü ilin rəsmi məlumatına görə, Azərbaycanda 33 600 həkim olub. Əhalinin hər 10 000 nəfərinə 33 həkim düşür. Amma Səhiyyə Nazirliyi ölkə boyu tibb müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə kadr ehtiyacını açıqlamayıb.