Azərbaycan Rusiyanın Ukraynaya atdığı raketlərin istehsalında iştirak edib

Müəllif: Joseph Place

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir müəssisə Rusiya istehsalı olan və “Suxoy” təyyarələrində istifadə edilən X-29TE idarəolunan raketlərinin istehsal zəncirində iştirak edib.

İllərdir Rusiyanın “Suxoy” qırıcıları Ukraynanın müxtəlif şəhərlərinə raket zərbələri endirir. Hər bir raketin arxasında çoxsaylı şirkətləri, təchizatçıları və komponentləri əhatə edən mürəkkəb istehsal zənciri dayanır. “UNITED24 Media”nın əldə etdiyi sənədlər göstərir ki, həmin zəncirin bir halqası da Azərbaycana gedib çıxır.

Belə ki,  Rusiyanın X-29TE “hava-yer” tipli idarəolunan raketinin istehsalında Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim” Elmi-İstehsalat Müəssisəsi iştirak edib. Sənədlər göstərir ki, bu istehsal əlaqələri Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından əvvəl mövcud olub və sonradan da davam edib.

X-29TE raketi Rusiyanın “Vımpel” Konstruktor Bürosu tərəfindən istehsal olunur və Su-34 də daxil olmaqla müxtəlif hərbi təyyarələrdə istifadə edilir. Ukrayna Müdafiə Kəşfiyyatının məlumatına görə, Rusiyanın hazırda ümumilikdə 2 600 ədəd X-29, X-31, X-35, X-58 və X-59 tipli raketi mövcuddur. Bu raketlər 320 kiloqramlıq döyüş başlığına malikdir, maksimal sürəti saatda 2 200 kilometrdir və körpülər, anbarlar, sənaye obyektləri, təyyarə sığınacaqları və uçuş-enmə zolaqları kimi möhkəmləndirilmiş hərbi və infrastruktur hədəflərini məhv etmək üçün hazırlanıb. Bundan əvvəl Rusiya bu raketlərdən Suriyada da geniş şəkildə istifadə edib.

Rusiya raket istehsalı zənciri Azərbaycandan necə keçir?

Bu zəncirdə üç əsas qurum iştirak edir: Rusiyanın Perm Barıt Zavodu, Azərbaycanın dövlət nəzarətində olan “İqlim” Elmi-İstehsalat Müəssisəsi və Rusiyanın raket istehsalçısı “Vımpel”. Sənədlər göstərir ki, onların əməkdaşlığı Rusiya ilə Azərbaycan arasında rəsmi şəkildə təsdiqlənmiş müdafiə-sənaye əməkdaşlığı çərçivəsində həyata keçirilib.

“9R-1036” indeksli naməlum məhsul Perm Barıt Zavodundan Azərbaycandakı “İqlim” müəssisəsinə göndərilir. Burada həmin məhsul “63M” indeksli komponentə quraşdırılır və son təyinat nöqtəsi kimi Rusiya Müdafiə Nazirliyinə çatdırılır.

Sənəd 3
Sənəd 3

Lakin proses bununla bitmir. Məhsul əvvəlcə Permdən “İqlim”ə göndərilir, daha sonra yenidən Permə qaytarılır və oradan son istifadəçiyə çatdırılır. Zəncirin son halqası Rusiyanın aviasiya silahları istehsalçısı olan “QosMKB Vımpel” müəssisəsidir. Beləliklə, “İqlim” istehsal prosesində mühüm vasitəçi rolunu oynayır.

Perm Barıt Zavodu, “İqlim” və “Vımpel”

Perm Barıt Zavodu Rusiyanın hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biridir. Zavod hərbi məqsədlər üçün böyük həcmdə partlayıcı maddələr və barıt istehsal edir. Məsələn, raketlərdə istifadə olunan nitroqliserin Özbəkistan pambığından hazırlanır. Müəssisə dövlətə məxsus olduğundan onunla həyata keçirilən bütün ticarət əməliyyatları Rusiya hökumətinin nəzarəti və razılığı ilə baş tutur. Zavod Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, İsveçrə, Yaponiya və Ukraynanın sanksiyalarına məruz qalıb.

“İqlim” Elmi-İstehsalat Müəssisəsi Bakıda yerləşən və atıcı silahlar, həmçinin aviasiya avadanlıqları üzrə ixtisaslaşmış şirkətdir. Müəssisə 1961-ci ildə kondisioner istehsalı müəssisəsi kimi yaradılıb, sonradan isə aviasiya zavoduna çevrilib. 2006-cı ildə dövlət nəzarətinə götürülərək Elmi-İstehsalat Müəssisəsi statusu alıb.

“LinkedIn” səhifəsində şirkət özünü kondisioner və idarəetmə sistemləri hissələrinin, kabin təzyiq sistemlərinin və silahla əlaqəsi olmayan digər məhsulların istehsalçısı kimi təqdim edir. Bununla yanaşı, şirkət “qeyri-standart yüksək texnologiyalı avadanlıqların layihələndirilməsi və istehsalı” ilə məşğul olduğunu da bildirir. Müəssisənin rəsmi internet səhifəsi isə artıq fəaliyyət göstərmir.

“İqlim” müəssisəsi “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-yə məxsusdur. Holdinq öz fəaliyyətini belə xarakterizə edir:

“Dövlət dəstəyi və institusional nəzarət altında fəaliyyət göstərən ‘Azərsilah’ müdafiə sənayesinin etibarlı strateji sütunu kimi çıxış edir. Holdinq ölkənin istehsal potensialını vahid sistemdə birləşdirərək yüksək məsuliyyət, şəffaflıq və uzunmüddətli etibarlılıq tələb edən müdafiə sistemlərinin hazırlanmasını, istehsalını və modernləşdirilməsini təmin edir.”

Biz “İqlim” və “Azərsilah”a bu istehsal zənciri, onun hələ də fəaliyyət göstərib-göstərmədiyi və mərhələli şəkildə dayandırılıb-dayandırılmadığı barədə sorğular göndərdik. Məqalənin hazırlandığı tarixə qədər hər iki qurumdan cavab alınmayıb.

Zəncirin son təyinat nöqtəsi olan “QosMKB Vımpel” səhmdar cəmiyyəti “hava-hava” və “hava-yer” tipli idarəolunan raketlər, zenit-raket kompleksləri üçün raketlər, buraxılış qurğuları, katapult sistemləri, bomba və torpedo asqıları, eləcə də təyyarə və helikopterlərin müdafiəsi üçün passiv radioelektron maneə vasitələri istehsal edir. Müəssisə ABŞ, Avropa İttifaqı, Ukrayna, Kanada, Avstraliya, Yaponiya və İsveçrənin sanksiyalarına məruz qalıb.

Bu zavodun fəaliyyət istiqaməti nəzərə alınarsa, ona göndərilən hissələrin raket istehsalında istifadə edilməsi ehtimalı son dərəcə yüksək görünür. Lakin sənədlərdə bu barədə konkret məlumat verilmir.

Bu, Rusiya və Azərbaycan hökumətlərinin təsdiqlədiyi istehsal zənciridir. 2024-cü ilə aid sənədlərdən birində Rusiya Sənaye və Ticarət Nazirliyinin loqosu görünür və həmin sənəd Perm Barıt Zavodu üçün təsdiqlənmiş məhsul siyahılarının göndərildiyini, həmçinin hesabat təqdim olunmasının tələb edildiyini göstərir.

Rusiya ilə Azərbaycan arasında hansı komponentlər daşınıb?

“İqlim” müəssisəsi Permdən “9R-1036” indeksli naməlum kimyəvi maddə və ya komponent alır və yenidən Permə göndərir. Bu məhsul “Vımpel” müəssisəsində “63M”, “64” və “I63M” indeksli məhsulların tərkibinə daxil edilir. Məhsulun ixrac kodu 9306901009-dur. Bu kod hərbi məqsədlər üçün sursat, mərmi və onların komponentləri kateqoriyasına aiddir.

Rusiyanın ticarət analitikası şirkətlərindən birinin məlumatına görə, bu kod idarəetmə bloklarından tutmuş “Vımpel” zavodunda istehsal olunan raket komponentlərinədək müxtəlif hərbi məhsulları əhatə edir.

Məktublardan birində görünür ki, “63M” məhsulu bir neçə hissədən ibarətdir və onların arasında “61 X1000-0-03” indeksli məhsul da mövcuddur. Digər sənədlər göstərir ki, həmin hissə X-29TE raketlərinin istehsalında istifadə olunur.

Bu fakt “NPO Kurqanpribor” ASC-nin məktubu ilə də təsdiqlənir. Həmin müəssisə “63M” məhsulunun əsas hissələrinin istehsalçısıdır. Daha köhnə bir sənəd isə raketin istehsalında yaranmış problemləri sadalayaraq “63M” komponentinin bu raketlərin tərkib hissəsi olduğunu göstərir.

“63M” məhsulu “Suxoy” şirkətinin sənədlərində də qeyd olunur. Həmin sənədlərə görə, “63M”, “64” və “63ME” məhsulları Su-35, Su-30 və MiQ-29SM tipli təyyarələrdə istifadə edilir. Bu isə o deməkdir ki, sözügedən istehsal zənciri Ukraynaya hücum edən döyüş təyyarələrinin istifadə etdiyi raketlərlə əlaqəlidir.

Sənədlərdə ikinci bir təchizat zənciri də təsvir olunur. Burada söhbət “X6000-02” indeksli məhsuldan gedir. Bu məhsul ballistik təyinatlı tərkibdən hazırlanır və xüsusi texniki sənədlərə uyğun istehsal edilir. Onu da “İqlim” Perm Barıt Zavodundan satın alıb. Məhsul “ballistik tipli” kimi xarakterizə olunur ki, bu da onun raket istehsalında istifadə olunması ehtimalını artırır.

“İqlim”–Rusiya raket əlaqəsi niyə əhəmiyyətlidir?

Sənədlər göstərir ki, “İqlim” Elmi-İstehsalat Müəssisəsi Rusiyanın raket istehsalına dəstək verib. Mövcud sübutlar göstərir ki, sanksiyalara və davam edən genişmiqyaslı müharibəyə baxmayaraq, Azərbaycanın müdafiə sənayesinin müəyyən elementləri Rusiyanın hərbi istehsal zəncirləri ilə əlaqələrini qoruyub saxlayıb.

Azərbaycan rəsmi şəkildə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyini bəyan etməsə də, bu əməkdaşlığın davam etməsi mövcud məhdudiyyətlərə nəzarət və onların icrası ilə bağlı suallar doğurur.

Bu faktlar həm də müharibənin regiona təsiri fonunda ortaya çıxır. Buraya Ukraynanın Xarkov şəhərində yerləşən Azərbaycan konsulluğuna dəymiş ziyan da daxildir.

Bundan əlavə, bu məlumatlar 2024-cü ildə baş vermiş və Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında zədələnməsi ilə bağlı insidentdən sonra üzə çıxır. Məlumatlara görə, təyyarə dron hücumunun qarşısının alınması zamanı Rusiya hava hücumundan müdafiə sisteminin qəlpələrinə tuş gəlib və Rusiya hakimiyyəti sonradan təyyarənin səhvən vurulduğunu etiraf edib.