Təhsil Nazirliyi 39 təhsil müəssisəsində “13-cü ay üzrə” internet xərci ödəyib

Hesablama Palatası Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması fəaliyyəti üzrə apardığı audit zamanı ADSL-ə qoşulan 39 təhsil müəssisəsi üzrə 12 ay əvəzinə 13 aya görə internet haqqı ödənilməsi səbəbindən artıq ödəniş aşkar edib.

Palatanın auditi Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən alınmış 8,5 milyon manat dəyərində kompüter, printer və digər bu kimi avadanlıqları əhatə edib. 

Hesabata görə, TSİİ-nin 30 layihəsində təhlükəsizlik, sənədləşdirmə və şəffaflıq sahələrində ciddi çatışmazlıqlar müəyyən edilib. Belə ki, 2021-2024-cü illərdə yaradılan 10 informasiya sistemi “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”ndə qeydiyyata alınmayıb. 

Bunlar arasında “Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu” informasiya sistemi də yer alır. Sistemdə uşaqların fərdi məlumatları ilə işləsə də, məlumatların təhlükəsizliyi üçün vahid dövlət reyestrindən keçməyib.

Auditlə əhatə olunan dövr ərzində ən çox istifadə olunan satınalma üsulu “bir mənbədən satınalma” metodu olub. Müqavilələrdə malların adı və markası qeyd edilməyib. Nəticədə müqavilədə nəzərdə tutulan qiymətlərlə real bazar dəyəri arasında ciddi fərqlər yaranıb.

Belə ki, eyni təchizatçı ilə ümumilikdə 4,6 milyon manat dəyərində 4 müqavilə bağlanılıb. Halbuki bundan əvvəl -2023-cü ildə həmin təchizatçı ilə bağlanmış 1,2 milyon manatlıq “Azərbaycan dilinin metodikası proqramının hazırlanması” və “Təbiət fənninin tədrisi metodikası proqramının hazırlanması” layihələri yarımçıq icra edilib. Lakin təhvil alınmayan işlərə görə vəsait ödənilib.

Hesablama Palatası qeyd edir ki, 2021-2024-cü illərdə alınan 283,5 min manat dəyərində müxtəlif  avadanlıqlar açıq informasiya mənbələrindəki qiymətlərlə müqayisədə daha baha qiymətə əldə olunub. Auditə görə, avadanlıqların baha alınması nəticəsində 37 min manat artıq vəsait xərclənib.