Akademik qızının Almaniyada oğurlanan çirkli pulları

Gunay Masimova, the daughter of academic Isa Həbibbəyli, transferred the Baku apartment of the Vəliyev family into her name through police coercion after the jewellery and $330,000 she had deposited in a bank safe in the city of Fürth were stolen

2024-cü il, Berlin. Almaniyanın paytaxtındakı bankların birinə daxil olan orta yaşlı azərbaycanlı bir qadın az keçməmiş əlində dollar banknotlarıyla dolu torba ilə geri qayıdır. Bağlamanın içində külli miqdarda pulla yanaşı qızıl zinət əşyaları da var idi. Sahibi mənbəyi ancaq özünə bəlli olan bu pulların yerini dəyişdirirdi.

Bu şəxs Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Məsimova idi. O, Almaniyadakı həmyerliləri vasitəsilə Fürth şəhərindəki Sparkasse bankının seyfində pullarını və qiymətli əşyalarını yerləşdirmək üçün boş kirayə kassa tapa bilmişdi. 

“Qəzetçi”nin əldə etdiyi məlumata görə, Məsimova qızıllarla birlikdə bank kassasına 330 000 dollar da yerləşdirib. Almaniya qanunlarına görə o, bu qədər məbləği rəsmi şəkildə öz adına açılan bank hesabına yatıra bilməzdi. Çünki dəyəri 10 000 avrodan yuxarı olan vəsait Almaniyaya daxil olarkən gömrükdə bəyan edilməlidir.

Bu sorğu-sual isə adi notarius fəaliyyəti ilə məşğul olan Məsimovaya “baş ağrısı” yarada bilərdi. Buna görə, o, heç bankdakı kassanı da öz adına açmır. Kassa onun Almaniyada yaşayan tanışlarının adına rəsmiləşdirilir. 

Məsimova varidatını yerbəyer edəndən sonra Azərbaycana qayıdır. Amma bu, onun Fürth şəhərinə sonuncu səfəri deyildi. Günay Məsimova istədiyi vaxt  maneəsiz şəkildə Nürnberqə gedib-gələ biləcəkdi. O, Almaniyada evlilik yoluyla ailə birləşməsi əsasında yaşayış icazəsi almışdı.  

Beləcə, pullarını və qızıllarını banka yerləşdirib Azərbaycana qayıdan  Məsimovanın sakitliyi bir il keçmədən pozulur. 2025-ci il yanvarında banka gedib kassanı açanda görür ki, pulları zinət əşyaları ilə birlikdə oğurlanıb. Buna baxmayaraq, o, oğurluq haqqında polisə məlumat vermək əvəzinə tələsik bilet alıb Bakıya qayıdır.

“Gündəlik Naxçıvan”ın 2025-ci ilin ilin noyabrında bu oğurluqla bağlı yaydığı xəbərdən sonra məlum oldu ki, Günay Məsimova Azərbaycanın siyasi elitasına yaxın olan  Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızıdır. Amma akademik oğurluqdan sonra bildirib ki, bu məsələdə adının hallandırılmasını istəmir.

“Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pulu oğurlanıb. Əslində isə bu, doğru deyil. Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb. Həmin zinət əşyaları onun anasından və qayınanasından yadigar qalan əşyalardır”, – İsa Həbibbəyli “manset.az”a deyib. 

Məsimovanın oğurlanan zinət əşyaları arasında Rusiya imperatoru II Nikolayın adına kəsilən yeddi ədəd antik qəpik, yeddi ədəd qızıl qəpik, beş ədəd qızıl üzük, üç boyunbağı, brilyant qaşlı gümüş klon, qolbaq və “Maktaym” qol saatları olub. Polisə təqdim olunan bu siyahını İsveçrə istehsalı olan kiçikölçülü qızıl külçələr, Heydər Əliyevin 90 illik yubileyi və Üzeyir Hacıbəyovun xatirəsi münasibətilə Mərkəzi Bankın buraxdığı qızıl pul nişanları tamamlayır.

Məhz Həbibbəylilər ailəsinin  hökumətlə siyasi bağlarına sığınan Məsimova oğurlanan pul və qızılları qanunsuz yollarla “kompensasiya” edib. Ona Sparkasse bankında kassa yeri tapmaqda kömək edən Vəliyevlər ailəsinin Bakıda Heydər Əliyev prospekti 193 ünvanında yerləşən yaşayış kompleksində olan 4 otaqlı mənzilini hədə-qorxu yolu ilə öz adına keçirtdirir. 

2025-ci ilin iyununda Ələsgər Vəliyevin Türkiyədə yay tətilindən sonra Bakıya səfər edən həyat yoldaşı Amaliya Vəliyeva hava limanında saxlanılır və məcburi şəkildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparılır. 

Orada məlum olur ki, Amaliya Vəliyevaya ölkədən çıxış qadağası Günay Məsimovanın “şifahi” şikayəti əsasında qoyulub. Vəliyevlər ailəsindən Almaniya bankından oğurlanan pulları ya qaytarmaq, ya da əvəzində Bakıdakı mənzillərini Günay Məsimonın adına keçirtmək tələb olunurdu. Ailələr arasında vasitəçiliyi isə İsa Həbibbəylinin qardaşı Əli Həbibbəyli edirmiş.

“Məni aparanlar nazirliyə yaxınlaşmağa bir az qalmış zəng edib kiməsə göstəriş verdilər ki, maşın binaya daxil olan kimi qapılar bağlansın. Birdən sürəti artırıb əks yola keçib piyada keçidinin üstü ilə necə sürdülərsə… Elə bildim qəzaya düşdük. Əks istiqamətdən maşın gəlirdi. Gözümü açanda qaranlıq yerdə idim. Qapılar bağlanmışdı. Məni liftlə yuxarı müstəntiq Ramil Məmmədovun yanına apardılar”, – deyə Amaliya Vəliyeva saxlanılandan sonra başına gələnləri “Qəzetçi”yə danışır.

O, əlavə edir ki, müstəntiq psixoloji təzyiq və təhdidlə ondan ağ kağıza qol çəkməyi tələb edib. Növbəti gün isə o, Günay Məsimova ilə üzləşdirilib. Amaliya Vəliyeva deyir ki, üzləşdirmə zamanı Günay Məsimova kassadakı pulun övladlarının təhsil haqqı olduğunu bildirib.

Saxlanılandan bir müddət sonra Amaliya Vəliyeva ASAN Xidmətə müraciət edəndə məlum olub ki, onun ölkədən çıxışına rəsmi qadağa qoyulmayıb. Vəliyeva bilet alıb Almaniyaya qayıtmağa cəhd edərkən Heydər Əliyev adına hava limanında  polis tərəfindən saxlanılır. O növbəti gün, səhər saat səkkiz radələrində gələn zəngin ardınca sərbəst buraxılır. Bundan sonra, müstəntiq Ramil Məmmədov onu yenidən dindirməyə çağırır. Bu dəfə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin rəisi qəbul edir.

“Vəkillə getmişdim, onu təzyiq edib çölə çıxartdılar. Mənə isə dedilər ki, üç gün ərzində mənzili Günay Məsimovanın dediyi adamın adına keçirtməsəm, gözümü Kürdəxanı həbsxanasında açacağam”, – Vəliyeva “Qəzetçi”yə bildirib.

Amaliya Vəliyevanın vəkili Gülnarə Xudabaxışova deyib ki, polis Məsimovanın ifadəsini ona təqdim etməyib. Vəkilin sözlərinə görə, məsələ ilə bağlı heç bir cinayət işi açılmayıb, nətcə etibarilə müvəkkilinə qoyulan səyahət qadağası da qanunsuz olub. “Qəzetçi”nin əməkdaşının bu iddialarla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə ünvanladığı suallar cavabsız qalıb. 

2025-ci il iyulun 21-də Amaliya Vəliyeva mənzili  məcburi şəkildə Günay Məsimovanın adına keçirdikdən sonra iyulun 22-də onun Azərbaycanı tərk etməsinə icazə verilib. Vəliyevanın vəkili müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edəndən sonra mənzilin üzərinə həbs qoyulub. Məhkəmə prosesi hazırda davam edir. 

Amaliya Vəliyevanın həyat yoldaşı Ələsgər Vəliyev baş verənləri dəqiqliklə xatırlamağa çalışır. Onun sözlərinə görə, 2024-cü ilin əvvəllərində Günay Məsimova ona Berlində bank kassasında olan qiymətli əşyalarının Vəliyevlərin yaşadığı Nürnberq şəhərinə köçürmək istədiyini deyib. Bir müddət sonra Nürnberq yaxınlığındakı Fürth şəhərində boş kassa tapılıb.

“Kassanı bizim adımıza açmaq istəyirdi, ancaq razı olmadıq. Çünki burda [Nürnberqdə] bizneslə məşğuluq, vergi yoxlamaları olur. Oğlum dostu Firudin Mahmudov adlı şəxslə şərikli biznes işlədir. Kassa oğlumun adına açıldı. Oğlum işinə görə tez-tez Polşada olurdu. Günay gələndə kassaya rahatlıqla çıxışı olsun deyə seyfə giriş kartını etibarnamə əsasında öz adıma açdırdım. Amma kassanın açarı Günayın özündə olub”, – Ələsgər Vəliyev deyib.

Vəliyev bildirib ki, oğurluq hadisəsindən sonra oğlu ilə əlaqə saxlamaq mümkün olmayıb, onun iş ortağı Firudin Mahmudova zəng edib pulların və qızılların yerini soruşanda o, qızılları Almaniyada lombarda qoyub 20 000 avro götürdüyünü, kassadan götürdüyü 330 000 dolları isə onlayn biznesə yatırdığını bildirib. Ələsgər Vəliyev deyir ki, kassanın açarı Günay Məsimovada ola-ola Firudin Mahmudovun pulları və qızılları kassadan necə götürdüyünə dair heç bir məlumatı yoxdur.

“Firudin  dedi ki, hər ay 50-100 min  olmaqla götürdüyü pulları qaytaracaq. Amma qaytarmadı. Bundan sonra oğlumun da həbs olunacağını bilə-bilə 2025-ci il aprelin 8-də polisə şikayət etdim. Artıq işi polis araşdırmalı idi.  Bu arada oğurlanan qızılları lombarddan götürüb polisə təhvil verdim. Oğlum həbs olundu, onun biznes ortağı Firudin Mahmudov isə axtarışdadır”, – deyə Vəliyev vurğulayıb. 

“Notariat haqqında” Qanuna görə, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, notariusa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır. Bəs Günay Məsimova bu qədər vəsaiti ölkədən hansı yolla çıxarıb? O, bu pulları necə əldə edib?  

„Qəzetçi” Günay Məsimovanın vəkili Zaur Babasoyla əlaqə saxlaya bilib. Amma Məsimova ona ünvanlanan sualları cavablandırmaqdan imtina edib.  

Hüquqşünas Yalçın İmanov deyir ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə haqqında” Qanuna görə, valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması həyata keçirilirsə, valyuta sərvətlərinin bəyən edilməsi rejimi çərçivəsində yoxlanma tədbirləri həyata keçirilməlidir: „Vəsaitlər düzgün bəyan edilmirsə, həmin valyuta aşkar olunmalıdır və onunla bağlı hüquqi tədbirlər həyata keçirilməlidir”.

Günay Məsimovaya aid pul vəsaitlərinin və zinət əşyaları oğurlanandan sonra Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi Günay Məsimovanın şəhadətnaməsi və qeydiyyat vəsiqəsini 2025-ci il avqustun 20-dən etibarən ləğv edib. Onun notarius kimi fəaliyyəti isə dayandırılıb.  

Nürnberq-Fürth  Prokurorluğunda Günay Məsimovaya məxsus külli miqdarda vəsaitlərin və zinət əşyalarının oğurluğu ilə bağlı cinayət işinin istintaqı isə davam edir.