Prezidentin qızları Rumıniyadakı çoxmilyonluq ofis binasını keçmiş icra başçısının oğluna ötürüb

2024-cü ildə Rumıniyanın paytaxtı Buxarestdə yerləşən və 6-7 milyon avro dəyərində olan 7 mərtəbəli ofis kompleksi iki tanınmış azərbaycanlı ailə arasında əl dəyişdirib.

Rumınyanın “profit.ro” saytı yazır ki, Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaya məxsus olan “Bravo” supermarketlər şəbəkəsinin marketinq direktoru Aynurə Seyidova bu binanı Salyanın keçmiş icra başçısının oğlu Həmzə Kərimov və Ləman Kərimovaya məxsus „Globinvest Finance” şirkətinə ötürüb.

Sayt yazır ki, bina 2022-ci ilə qədər Azərbaycan “Qırmızı Dairə” Şirkətlər Qrupunun keçmiş koordinatoru Yusif Əzizova məxsus olub. Bu qrup 2019-cu ildə Rumıniyada „RAFO Onești” neft emalı zavodunu almaqla maraqlanırdı.

Binanın alıcıları Dubay azad iqtisadi zonasında qeydiyyatdan keçmiş „Rock Global DMCC” və Bakı Olimpiya Stadionunun baş direktoru Cavid Qarayevdir.

Qarayev həmçinin Azərbaycan Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Borc Öhdəlikləri Bazarının tənzimlənməsi şöbəsinin müdiri olub.

SOCAR-ın Rumıniya şöbəsi “AFI Park Floreasca” ofis kompleksinə köçənə qədər bu binada yerləşib. Binanın alıcılarından Cavid Qarayev də bu ilin əvvəlində Həmzə Kərimov və qardaşı Tural Kərimovla birlikdə „GH Balotești Residence” adlı daşınmaz əmlak şirkətində ortaq paya sahib olub.

Həmzə Kərimov daşınmaz əmlak bazarına birbaşa keçmiş Biznes Mühiti Naziri İlan Laufer ilə tərəfdaşlıq yolu ilə daxil olub və onunla birlikdə Otopenidə açıq havada yemək meydançası konseptində kommersiya kompleksi inşa edir.

2007-ci ildə SOCAR-ın Rumıniyadakı törəmə şirkəti „SOCAR Petroleum S.A” şirkətinin baş direktoru təyin olunan Həmzə Kərimov 2024-cü ildə vəzifəsindən azad ediləndə Rumıniyada özəl sektorda fəaliyyətini davam edəcəyini açıqlamışdı.

Kərimov qardaşlarının adı 2017-ci ildə OCCRP-nin çirkli pulların yuyulmasına dair dərc etdiyi „Azərbaycan pulyuyan maşını“ araşdırmasında da çəkilirdi.

Həmzə Kərimovun hələ “SOCAR Petroleum S.A“ şirkətinin rəhbəri olanda Rumıniyadakı bank hesabına “Metastar Invest” şirkətindən 125, 800 avro, qardaşı Tural Kərimovun hesabına isə 145,000 avro köçürülmüşdü.

Həmzə Kərimov OCCRP-yə cavabında belə bir şirkət tanımadığını köçürməni isə xatırlamadığını bildirmişdi.

Əslən Naxçıvandan olan Kərimovlar qardaşlarının atası Tahir Kərimov isə Salyanın icra başçısı olduğu dövrdə şagirdlərin tutduğu gül çələnginin altından keçərkən foto çəkdirmişdi. Həmin foto sosial şəbəkələrdə tənqid dolu müzakirələrə yol açmışdı.