“Deutsche Bank”dan sızan sənədlər Trampın Azərbaycandan “çirkli pullar” qəbul etdiyini ortaya çıxarıb

Fotokollaj: Qəzetçi

Beynəlxalq araşdırmaçıların əldə etdiyi məlumatlar ilk dəfə  ABŞ Prezidenti Donald Trampla Azərbaycandan gələn “çirkli pullar” arasında rəsmi və birbaşa əlaqəni üzə çıxarıb.

2016-cı il noyabrın 9-da dünya ABŞ-dakı prezident seçkilərinin nəticəsi qarşısında şoka düşəndə Donald Trampın gözlənilməz qələbəsi “Deutsche Bank”ı çətin vəziyyətdə qoyur. Yeni seçilmiş prezidentin banka 300 milyon dollardan çox (təxminən 270 milyon avro) borcu var idi. 

Bəs o, borcunu qaytarmamaq qərarına gəlsəydi, nə baş verərdi? Həmçinin, bank onun yeni kredit müraciətlərinə necə cavab verməli idi? Müraciətləri təsdiqləmək bankı favoritizm (dostbazlıq) ittihamları ilə üz-üzə qoya, imtina etmək isə ABŞ-ın yeni administrasiyası ilə münasibətlərə zərər vura bilərdi.

Bu misli görünməmiş maraq toqquşması qarşısında bank, hələ 2016-cı ilin dekabrında Tramp və onun ətrafındakılar üçün “nəzarətdə saxlanılan müştəri” statusunu yaratdı. Bunun üçün xüsusi komitə və ciddi prosedurlar tətbiq olundu: şifrələnmiş kommunikasiya kanalları, yalnız məhdud sayda əməkdaşın giriş hüququ olduğu sənədlər, fayda əldə edən şəxslərin adlarının gizlədilməsi və kağız sənədlərin saxlanması üçün xüsusi seyfdən istifadə.

“Le Monde”nin əldə etdiyi “Inside Deutsche Bank” məlumat sızması, bankın bu problemli müştəri ilə necə işlədiyini və ABŞ prezidentinin iştirak etdiyi yüksək və həssas maliyyə axınlarının necə uzun müddət bankın daxili nəzarət və uyğunluq mexanizmlərindən kənarda qaldığını, yəni pərdəarxası təfərrüatları üzə çıxarır.

Məhkəmə sənədləri ilə tamamlanan bu qeydlər Trampa məxsus şirkətləri “Azərbaycan camaşırxanası” (Azerbaijani Laundromat) ilə əlaqələndirən şübhəli əməliyyatlara dair ilk dəfə birbaşa sübutlar təqdim edir. 

Beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) və “Le Monde” qəzetinin 2017-ci ildə aşkara çıxarmışdı ki, 3 milyard dollarlıq çirkli pulların yuyulması əməliyyatında Azərbaycan hökuməti 2010-cu illərdən sonra avropalı siyasətçiləri satın almaq üçün istifadə edib.

Çirkli pulların yuyulması əməliyyatları

2015-ci ilin yazında, respublikaçıların ilkin seçkilərində namizədliyini elan etməzdən bir neçə həftə əvvəl, Tramp Azərbaycan paytaxtında “Trump International Hotel & Tower Baku” adlı lüks otel layihəsində iştirak edirdi. 

Aprelin 16-da Trampa məxsus və bu daşınmaz əmlak layihəsinin bir hissəsi olaraq Tramp brendi üçün Delaver ştatında yerləşən lisenziya haqlarını toplamağa məsul olan “DT Marks Baku” şirkəti yalnız “568 nömrəli faktura ödənişi” kimi qeyd olunmuş 141.261,82 dollar məbləğində pul köçürməsi qəbul edib.

Pul ofisi və işçisi olmayan, Azərbaycanın dövlətə məxsus telekommunikasiya şirkəti “Baktelecom” tərəfindən maliyyələşdirilən Şotlandiya şirkəti olan “Faberlex LP”dən Danimarkanın aparıcı banklarından biri və “pulyuma əməliyyatında” mərkəzi rol oynayan “Danske Bank”ın Estoniya filialındakı hesabı vasitəsilə gəlib.

Qəbul edənin hesab nömrəsindəki məlumat daxiletmə xətasına görə əməliyyat baş tutmayıb və vəsait “Faberlex” şirkətinə geri qayıdıb. Elə ertəsi gün, eyni məbləğ — qəpiyinə qədər — “9 nömrəli müqavilə üzrə ödəniş” adı altında “Datemile Alliance” adlı ofşor kölgə şirkətinin bank hesabına köçürülüb. Bu köçürmə, çox güman ki, pulun izini itirmək üçün müvəqqəti bir dayanacaq rolunu oynayırdı. 

Amma on iki gün sonra baş verən ikinci cəhd uğurla nəticələnib. “Faberlex” 141 261,82 dollar məbləğində vəsaiti Trampa məxsus başqa bir şirkət olan “THC Baku Services”ə köçürüb; bu dəfə istinad  “2 nömrəli faktura üzrə ödəniş” kimi göstərildi.

Cəmi iki həftə ərzində eyni məbləğin dörd fərqli bank hesabı arasında dövr etməsi və hər dəfə fərqli izahatların verilməsi? Bu sxem çirkli pulların yuyulması əməliyyatlarının necə həyata keçirildiyinə xas bir nümunədir. Köçürmələrin sayını artırmaq və ödəniş təyinatlarını dəyişdirməklə, əməliyyatların arxasında duran şəxslər maliyyə zəncirini gizlədir və vəsaitin mənbəyini müəyyən etməyi demək olar ki, qeyri-mümkün edirlər. 

Bu mürəkkəblik pulun əksər hallarda qanunsuz olan mənbəyi ilə onun son benefisiarı (faydalanan tərəfi) arasındakı əlaqəni gizlədir. Və bunun səbəbi var: “Datemile” və “Faberlex” şirkətləri “Azərbaycan çamaşırxanası” adlanan çirkli pulların yuylması sxemin mərkəzində yer alırdılar. “Deutsche Bank”ın sənədləri arasında bu nəhəng çirkli pul yuma əməliyyatını təsvir edən bir sənəddə qeyd olunur ki, “Faberlex” bu prosesdə “mərkəzi rol” oynayıb.

‘Məxfilik = 99’

“Deutsche Bank” bu şübhəli pul axınlarına nəzarət etməli idi. Bankın Nyu-York filialı müxbir bank qismində çıxış edərək, “Danske Bank”ın Estoniya bölməsi ilə Trampın şirkətlərinin istifadə etdiyi “Capital One” bankı arasında vasitəçi rolunu oynayıb və beləliklə, bu beynəlxalq dollar əməliyyatlarının həyata keçirilməsini təmin edib. Lakin nüfuzlu Avropa bankları üçün gündəlik həyata keçirilən milyonlarla əməliyyatın arasında itən bu köçürmələr diqqətdən kənarda qalıb.

Trampın seçilməsi bankın sayıqlığını artırmadı. Əksinə, “xüsusi müştəri” (covered client) rejimi çərçivəsində tətbiq edilən məxfilik tədbirləri prezidentin biznes əməliyyatları ətrafında bir növ maliyyə divarı yaratdı. “Məxfilik = 99” kimi işarələnmiş, siyasi baxımdan həssas hesab olunan bu hesablarla bağlı xəbərdarlıqlar yalnız bir neçə bank analitikinə görünürdü. 

Sistem o qədər qapalı idi ki, “Deutsche Bank”ın baş icraçı direktorunun ən yaxın köməkçisi “risklərin idarə edilməsi” qrupuna göndərdiyi elektron məktubda etiraf edirdi ki, Tramp imperiyasına daxil olan müxtəlif qurumlar arasındakı əlaqələri izləmək əsl başağrısıdır; belə ki, çirkli pulların yuyulmasına qarşı mübarizə ilə bağlı məlumatlar pərakəndə halda idi və “ən yaxşı halda belə, çox natamam” xarakter daşıyırdı. 

Araşdırmaçı jurnalistlərin konsorsiumu Trampla münasibətləri barədə sorğu göndərdikdə, “Deutsche Bank” belə cavab verdi: “Biz mövcud və ya potensial müştəri münasibətlərimizlə bağlı heç bir şərh vermirik.”

2019-cu ilin yazında ABŞ Nümayəndələr Palatasında çoxluğu əldə edən demokratlar bankdan son on ilə aid maliyyə sənədlərini təqdim etməyi tələb etdilər. Məqsəd Trampın 2016-cı il seçki kampaniyasına Rusiyanın müdaxiləsi ilə bağlı şübhələrə aydınlıq gətirmək idi. 

Gözlənilməz vəziyyətlə üzləşən bank, həmin şübhələrin kökünü araşdırmaq üçün 2017-ci ildə başladılmış “Broadway Layihəsi” adlı daxili audit prosesini sürətləndirdi. ABŞ prezidentinə və onun ətrafındakı şəxslərə məxsus bank hesabları ciddi yoxlamadan keçirildi, hüquq firmaları isə illərlə toplanmış maliyyə sənədlərini təhlil etdilər.

Hadisələrdən dörd ildən çox vaxt keçdikdən sonra aparılan bu araşdırma zamanı Azərbaycanla bağlı əlaqələr aşkar edildi və bankın daxili təhqiqat bölmələrinə ötürüldü. 2020-ci ilin mayında Almaniya maliyyə sektoruna nəzarət edən quruma göndərilən məxfi sənəd, Tramp imperiyasını Azərbaycandan qaynaqlanan çirkli pulların yuyulması sxemi ilə əlaqələndirən əməliyyatın nə yeganə, nə də təsadüfi olduğunu üzə çıxardı. 

“Deutsche Bank”ın maliyyə kəşfiyyatı şöbəsinin amerikalı rəhbəri Brayan Hagerty tərəfindən hazırlanan sənəddə qeyd olunurdu ki, Almaniya bankının ABŞ filialı 2020-ci il yanvarın 16-da şübhəli fəaliyyət barədə hesabat təqdim edib. Həmin hesabatda “DT Marks Baku” və “THC Baku” şirkətlərinin “Azərbaycan çirkli pul yuma sxemi” ilə əlaqəli olduqları açıq şəkildə göstərilib. Bununla belə, Haqerti aydınlıq gətirib ki, “cənab Tramp şübhəli şəxs qismində müəyyən edilməyib”.

“3 milyon dollar”

Trampın iki şirkəti ilə bağlı şübhəli əməliyyatların tarixçəsini araşdıran Hagerty təsdiqləyib ki, “Azərbaycan və Rusiya ‘çirkli pul yuma’ əməliyyatları ilə əlaqəli olduğu iddia edilən şirkətlər” 2015-ci ilin sentyabrına qədər Trampın şirkətlərinə azı 3 milyon dollar ödəyiblər.

O, həmçinin qeyd edib ki, 2017-ci ilin iyununda təqdim edilmiş başqa bir şübhəli hərəkətlilik Trampla əlaqəli digər şirkətləri də əhatə edib və köçürülən ümumi məbləğ 5,2 milyon dollar təşkil edib. Bu halda ABŞ prezidenti “sözügedən qurumların sahibi və ya onlara nəzarət edən şəxs” kimi göstərilməyib.

Nəhayət, 2021-ci il yanvarın 6-da Kapitoliyə hücum hadisəsi bir növ “elektroşok” rolunu oynadı. Beş gün sonra “Deutsche Bank” vəzifəsindən gedən prezidentlə əlaqələri kəsdiyini açıq şəkildə elan etdi. Atlantik okeanının digər tayında isə bu proses daha uzun çəkdi. 

Trampın özünə məxsus bir çox şirkət üçün hesablar saxladığı ABŞ bankı “Capital One”, yüksək məxfilik daşıyan “Project Safeguard” çərçivəsində onun biznesləri ilə bağlı maliyyə axınlarını yaxından izləyirdi. Buna baxmayaraq, bank 2021-ci ilin yazına qədər gözlədi və yalnız bundan sonra Trampla əlaqəli 300-dən çox hesabı bağladı. Qərarın uzanmasının səbəb kimi, o cümlədən Azərbaycanda da həyata keçirilmiş ola biləcək “çirkli pulların yuyulması” ilə bağlı şübhələr göstərildi. 

Bundna qəzəblənən Tramp 2025-ci ildə məhkəməyə müraciət edərək, siyasi səbəblərə görə “bank xidmətlərindən məhrum edildiyini” iddia etdi. “Capital One” isə şərh vermək barədə sorğulara cavab vermədi.

“Trump Organization” daşınmaz əmlak şirkəti də susqunluğunu qoruyub saxlayıb. Bu qeyri-şəffaf əməliyyatların, xüsusən də otel fəaliyyəti ilə heç bir əlaqəsi olmayan “kölgə şirkət”inin otel lisenziyası ödənişləri toplaması ilə bağlı suallara cavab almaq mümkün olmayıb.

Mənbə: Le Monde