İxtisarlar gözlənilir: NK hərbçilərin işdən çıxarılma pullarını 50% azaldıb

2026-cı ilin yanvarından etibarən güc strukturlarında – Gömrük Komitəsində, Miqrasiya və Vergi Xidmətlərində, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyində kütləvi ixtisarlar gözlənilir. “Qəzetçi”yə danışan mənbələr bu ixtisarların əsasən aşağı komandir heyəti arasında aparılacağını bildiriblər.

“Mərhələli şəkildə mülki şəxslərin 30 faizinin ixtisar edilməsi planlaşdırılır. Güc nazirliklərində əsasən aşağı komandir heyəti – gizir və müddətdən artıq xidmət edən hərbçilər, yəni “MAXE”lərin ixtisar ediləcəyi barədə göstəriş verilib.
Dövlət büdcəsinə qənaət edirlər. Lakin hərbi qulluqçuların sosial təminatı nəzərə alınmır. İşdən azad edilən hərbçilərin işlə təmin edilməsi barədə məsələlərə baxılmır”, – deyə məlumatda bildirilir.

Artıq bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik də edilib. Qurumun 30 oktyabr 2025-ci il tarixli 322 saylı qərarına əsasən, işdən çıxarılan hərbçilərə verilən kompensasiya 50 faiz azaldılıb. 

Belə ki, pensiya hüququ olmadan xidmətdən buraxılan, təqvimi xidmət müddəti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə bir aylıq vəzifə və rütbə maaşının 50 faizi həcmində kömpensasiya ödənişi nəzərdə tutulub.

Dörd il xidmət edən şəxslərə bir aylıq vəzifə və rütbə maaşı, dörd ildən artıq xidmətedənlərə isə hər tam təqvim ili üçün əlavə olaraq bir aylıq vəzifə və rütbə maaşının 20 faizi həcmində, lakin ümumi məbləği iki aylıq vəzifə və rütbə maaşından çox olmamaqla işdən çıxarılma pulu veriləcək.  Əvvəlki qaydalara görə, işdən çıxarılan hərbçilərə iki aylıq maaş həcmində kompensasiya ödənilirdi.